Main » 2010»August»22 » Azerbaycan Dovlet Iqtisad Universitetinin elmi potensiali
12:35
Azerbaycan Dovlet Iqtisad Universitetinin elmi potensiali
Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən aparıcı və potensial gücə malik ali məktəblərindən biridir. İndi Universitetin 11364 tələbəsi (bakalavr), 20 fakültədə 47 ixtisas üzrə 738 magistri var. Onlara 56 kafedrada 805 müəllim dərs deyir. Müəllimlərdən 59-u professor, 49-u elmlər doktoru, 395-i elmlər namizədi, 302-si isə dosentdir.
Universitetdə tədris intizamının gücləndirilməsi, təhsilin və elmi araşdırmaların səviyyəsinin yüksəldilməsi, həmçinin müəllimlərin və tələbələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün maksimum şərait yaradılıb. Dünyadakı qlobal iqtisadi problemlərlə daha yaxından tanış olmaq və tədrisin səviyyəsini yüksəldib beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə universitetimiz İNTERNET sisteminə qoşulub. Azərbaycan Dövlət İqtisad Universitetində müasir standartlara uyğun aparılan elmi aşadırma işləri dövrün real iqtisadi problemlərinin həllini tapmağa imkan verir.
Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyatın bütün sahələrini təmin etmək üçün yüksək səviyyəli, peşakar kadrlar hazırlayan yeganə ali məktəbdir. İqtisad Universitetində öyrədilən ixtisaslar bunlardır:
İqtisadiyyat,
Biznesin idarə edilməsi,
Dünya iqtisadiyyatı,
Statistika,
Kommersiya,
Mühasibat uçotu və audit,
Sənayenin təşkili və idarə olunması,
Menecment,
Maliyyə,
Dövlət və bələdiyyə idarəetməsi,
Marketinq,
Turizm və otelçilik,
İstehlak mallarının ekspertizası və marketinqi,
Dizayn,
Beynəlxalq münasibətlər
və s.
Azərbaycan Dövlət İqtisad Universitetinin zəngin maddi-texniki bazası tədrisin və elmi araşdırmaların beynəlxalq standartlara uyğun aparılmasına imkan verir. Universitetin tədris auditoriyaları, laboratoriya, redaksiya və mətbəə, idman zalı, səhiyyə məntəqəsi, yeməkxana, kompyuter zalı, istirahət zonası, sağlamlıq düşərgəsi var.
Universitetin alimləri müasir iqtisadiyyat elminin ən müxtəlif sahələri üzrə fundamental araşdırmalar aparır, müasir iqtisadi nəzəriyyənin əsaslarını hazırlayırlar. Bu ali məktəbin elmi potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Həmçinin universitetin mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq mümkün olub. Bu sırada Fransanın Monpelye I, Türkiyənin "Mərmərə", Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam Universitetinin adlarını xüsusilə çəkmək lazımdır.
Azərbaycan Dövlət İqtisad Universiteti "Soros", "Tasis", "Tempus" və s. beynəlxalq proqramların fəal iştirakçısıdır. Xarici Ölkələrin ali təhsil müəssisələri ilə Universitetin müəllim-tələbə heyəti arasında təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı kadr hazırlanmasına böyük önəm verilir. İndi Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyədən, Livandan, Suriyadan, İordaniyadan, Yəməndən, Rusiyadan və Türkmənistandan xeyli tələbə təhsil alır.